drag and drop site maker

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin “Bakıda politexnik institutunun yaradılması haqqında” dekreti elan edilib.

1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılıb.

1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra edib. 12 may 1929-cu ildə institutdan “Kənd Təsərrüfatı”fakültəsi ayrılıb və sərbəst fəaliyyət göstərən “Kənd Təsərrüfatı İnstitutu” yaranıb. 29 may 1930-cu ildə “Azərbaycan Politexnik İnstitutu”nun adı dəyişdirilib və “Azərbaycan Neft İnstitutu” (ANİ) adlandırılıb.

İttifaq hökumətinin 14 mart 1959-cu ildə qəbul etdiyi qərarına əsasən institutun adı yenidən dəyişdirilərək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ)çevrilib.

Azərbaycan Respublika Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qərarına əsasən İnstitutun adı dəyişdirilərək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Sənaye Universiteti (AzSU) adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 137 nömrəli, 21 mart 1992-ci il tarixli qərarı ilə universitet Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlandırılıb.

2015-ci ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldı, onun qarşısında yalnız neft sahəsi üçün deyil, bütövlükdə yerli sənaye sahələri üçün ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyuldu. Bundan əlavə, yeni tədris ilindən etibarən ADNSU-nun nəzdində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyət göstərməyə başlamışdır.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Neft və Sənaye Universiteti Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti (Almaniya), Ploeşti Neft və Qaz Universiteti (Rumıniya), Tronheym Şəhər Elm və Texnologiya Universiteti (Norveç), Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya), Genuya Universiteti (İtaliya), Nitsa Sofiya-Antipolis Universiteti (Fransa), Afina Milli Texniki Universiteti (Yunanıstan), Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan) kimi xarici ali məktəblərlə sıx əməkdaşlıq edir. Eyni zamanda Almaniyanın Zigen Universiteti ilə Biznesin təşkili üzrə birgə bakalavr (BBA), ABŞ-ın Corciya Dövlət Universiteti ilə Biznesin təşkili üzrə birgə magistr proqramları da (MBA) xüsusi qeyd oluna bilər.