best free web site creator

Azərbaycan Dillər Universiteti

Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır.

II Dünya Müharibəsindən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını təkmilləşdirmək məqsədilə Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.  

Respublika Maarif Nazirinin 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirildi. 

İnstitutun inkişafına həmişə böyük qayğı göstərmiş Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi. Prezidentin 30 iyun 2000-ci il tarixli Sərəncamı ilə professor Səməd İsmayıl oğlu Seyidov universitetin rektoru təyin edildi. 

1 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev akademik Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi ilə bağlı Sərəncam imzaladı. 

Hazırda 60-dan çox ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 5 fakültə, 32 kafedra, elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbə, magistrant və doktorantların sayı 6500 nəfərə yaxındır. 

Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, ABŞ-ın, Rusiyanın, Çinin, Böyük Britaniyanın, Fransanın və Avropanın, Asiyanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.