Haqqımızda
Azərbaycan Universitetlərinin Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası 8 sentyabr 2018-ci il tarixində Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılmışdır. Təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir.
Assosiasiya bu günədək Azərbaycanda təhsil almış əcnəbi məzunları bir araya gətirir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra dünyanın müxtəlif ölkələrindən 15000-dən çox əcnəbi tələbə Azərbaycanda təhsil almışdır.
Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqə yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunması, ictimai faydalı məqsədlərə nail olunması və Azərbaycanda təhsilin dünyada təbliğ olunmasıdır.
Assosiasiyanın tərəfdaşları qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) çıxış edir.
Azərbaycanda bu günədək təhsil almış və hazırda öz ölkəsində nüfuz sahibi olan əcnəbi məzunların ilk görüşünün 25-26 oktyabr, 2018-ci il tarixlərində keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təşkil olunması nəzərdə tutulur.