Ümumi məlumat
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əcnəbi vətəndaşların təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 125 nömrəli, 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.
Əcnəbi vətəndaşlar tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında təhsil almaq hüququna malikdirlər. Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət hesabına, əksəriyyəti isə ali təhsil müəssisələri ilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alırlar.
Azərbaycan Respublikasının ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atmışdır. Həmin dövrdə Azərbaycandakı Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyası kimi bir sıra təhsil müəssisələrində əcnəbilər, daha çox Asiya, Afrika və Latın Amerikası ölkələrindən olan tələbələr müxtəlif ixtisaslara yiyələnmişlər.
1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr üçün hazırlıq fakultəsi qısa bir zamanda Sovet İttifaqında fəaliyyət göstərən 55 hazırlıq fakultəsi arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Leninqrad Politexnik İnstitutundan sonra 3-cü yeri tuturdu. İldə 500-dən artıq əcnəbi vətəndaş qəbul edən bu fakultənin məzunlarının çoxu ölkəmizin ali məktəblərinin müxtəlif fakultələrində təhsillərini davam etdirmək hüququ qazanırdı. Bu illər ərzində dünyanın 70-dən çox ölkəsindən olan minlərlə əcnəbi tələbə Azərbaycanın müxtəlif ali məktəblərinin diplomlarını fəxrlə daşıyaraq aldıqları ixtisasla ölkələrində yüksək səviyyəli mütəxəssis kimi çalışırdılar.
Müstəqillik əldə etdikdən sonra keçmiş Sovet İttifaqı məkanında yalnız Azərbaycan əcnəbi tələbələrə yarımçıq qalan təhsillərini SSRİ-nin üzərinə götürdüyü öhdəliklər əsasında başa çatdırmaq imkanı yaratmışdır. Ötən əsrin 90-cı illərinin sonlarında respublikamızda artan xarici tələbə kontingentinin tərkibini təhlil edərkən məlum olur ki, bu tələbələrin bir hissəsinin Azərbaycana gəlməsində ölkəmizdə təhsil almış məzunların da təsiri və rolu olub. Əgər SSRİ dövründə Azərbaycanda təhsil alan əcnəbi tələbələr yalnız rus dilində təhsil alırdılarsa, respublikamız müstəqillik əldə etdikdən sonra əcnəbi tələbələrin bir çoxu tədris dili olaraq Azərbaycan və ingilis dillərində təhsil imkanlarını seçməyə başlamışlar. Buna görə də ali məktəblərin əcnəbi vətəndaşlar üçün hazırlıq qurumları hazırlıq kurslarını artıq Azərbaycan dili ilə yanaşı, rus, ingilis dillərində də aparır.
Müstəqillik əldə olunandan sonra əcnəbi tələbələrin sayında ciddi artım baş verməyə başlamışdır. Belə ki, 1998-1999-cu tədris ilində respublikamızda təhsil alan əcnəbi vətəndaşların sayı 1500-dən artıq olduğu halda, 2008/2009-cu tədris ilində onların sayı 7000-i keçmişdir. 2015/16-cı tədris ilində etibarən yenidən Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında artım baş verməkdədir.